Tarix: 14/04/2014 12:23
MÜSAHİBƏ
Bu yaxınlarda Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın İsveçrədəki villasından türk mədəniyyətinin inciləri sayılan rəsm əsərlərini aşkarlayan və bunu dünyaya yaayan, Kərimovlar ailəsinin əbədi düşməninə çevrilən hüquq müdafiəçisi, Özbək Demokratiya Vəqfinin qurucusu, hazırda İsveçrədə siyasi mühacir statusu alan Səfər Bekjon Avrasiya.net-ə verdiyi eksklüziv müsahibədə başına gətirilən müsibətlərdən, təzyiqlərdən və prezidentin özü və ailəsi ilə bağlı şok açıqlamalarını verib.
Xatırladaq ki, G.Kərimovaya məxsus villada tapılan 60-a yaxın rəsm əsəri Özbəkistanın muzey fondlarına məxsusdur. Onların arasında Özbəkistanın xalq rəssamı Çinqiz Axmarovun “Gözəl qız”, “Uyğur gözəli” və “Aynalı qız” əsərləri də yer alır. Bundan başqa, G.Kərimovanın villasında Viktor Ufimtsev, Özbəkistanın xalq rəssamı Ruzi Çoriyev və digər rəssamların əsərləri də aşkarlanıb.
Hüquq müdafiəçisinin dediyinə görə, bir sıra əsərlərdə muzey lövhəcikləri var, lakin Özbəkistandan çıxarılması üçün müvafiq möhür yoxdur. S.Bekjonun yaydığı fotoşəkillərlə sənətşünaslar da tanış olublar. Onlar kolleksiyanı Özbəkistanın tanınmış rəssamlarının ən parlaq əsərləri kimi qiymətləndiriblər. Özbəkistan Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin açıqlamasında isə yalnız 1964-cü ilə qədər yaradılan incəsənət əsərlərinin ölkədən çıxarılmasının qadağan olunduğu bildirilib.
Eyni zamanda hüquq müdafiəçisi G.Kərimovanı yaxınlarına qarşı çirkli pulların yuyulması ittihamı ilə başlanmış iş üzrə Cenevrəyə gələrək, məhkəmə araşdırılmalarında iştirak etməyə çağırıb.
2473 kv.m-lik torpaq sahəsinin və binanın sahibi məhz Gülnarə Kərimovadır. İddialara görə, villa 2009-cu ildə 18,2 milyon dollara alınıb. G.Kərimova əvvəllər Cenevrədə diplomatik xidmətdə olub. Lakin 2013-cü ilin yayında onun diplomatik toxunulmazlığı ləğv olunub. Bu, prezidentin qızının ailə üzvləri ilə münasibətlərinin pisləşməsi zəminində baş verib. G.Kərimova yaxın qohumları və güc strukturlarına qarşı ciddi ittihamlar irəli sürüb. Nəticədə özü və yaxın ətrafı təzyiqlərlə üzləşib.
Hüquq müdafiəçisi və ailəsinin başına gətirilən olaylardan bu linkdə (http://stopdiktator.over-blog.com/article-biyografi-115327312.html) tanış ola bilərsiniz.
- Səfər bəy, Özbəkistan prezidenti İslam Kərimovla son görüşünüzdə nədən söhbət etdiniz?
- Mən onunla sonuncu dəfə 1993-cü ildə görüşdüm. Mənə dedi ki, sən türkçülük, özbəkçilik təbliğatının dayandırmalısan, böyük Türküstan ideyasından əl çəkməlisən. Soruşdum niyə? Cavab verdi ki, mən özbəkləri, türkləri sevmirəm. Mən ona bu məqsədimdən əl çəkməyəcəyimi, ölənə qədər türkçülük ideyasına sadiq qalacağımı dedim. Bu mövqeyim onu qane etmədi və aramızda yenidən narazılıq yarandı. Bir müddət sonra məni həbs etdirdi. 3 il həbsə saldırdı məni. Türkçülük ideyalarını, turançılıq ideyalarını yaymaqda məni bətanlatdırdı. Daşkənddən 1300 kilometr aralıda bir yerdə mənim məhkəməm keçirildi. Qapalı şəraitdə, ancaq Kərimovun mediası orada oldu. 3 il mənə işgəncə verildi. ABŞ prezidenti Bill Klintonla Kərimov görüşəcəkdi. Klinton ona demişdi ki, Səfər də daxil olmaqla bir neçə siyasi məhbus azad edildikdən sonra onunla görüşə bilər. Kərimov da məni əfv siyahısına yazdı, Amma mən hələ də içəridə idim. Məni yanına çağırıb dedi ki, səni əfv edirəm, yoxsa həbsxanada öləcəkdin. Məndən üzr istə, sənə iş də verim işlə. Dedim mənim nə günahım var ki, üzr də istəyəm. Onun təklif etdiyi işini də rədd etdim. Beləcə bir müddətdən sonra mən azad olundum və beynəlxalq bir tədbirdə iştirak etdim. Bundan sonra da mənə təzyiqlər başladı. Özbəkistanı tərk etməyə məcbur oldum. Getdim Qazaxıstana, oradan da Moskvaya gəldim. Moskvada məni tutub Özbəkistana təhvil vermək istədilər. Ukraynaya getdim, Kiyevdə məni tutmadılar, amma girişimə qadağa qoydular. Oradan da Türkiyəyə getdim. Bir il orada qaldım, sonra mənə “persona non qrant” elan etdilər. Sonra isə 48 saat işində mənim ölkəni tərk etməyimi tələb etdilər. Mən Beynəlxalq Yazarlar Birliyinin üzvü olduğumdan həmin qurum İsveçrə hökumətindən mənim orada sığınacağımı istədi. Məşhur yazar olduğumu, Özbəkistanda təzyiqlərlə üzləşdiyimi İsveçrə hökumətinə dedilər. O vaxtdan mən İsveçrəyə gəldim.
- İslam Kərimovun qızları ilə nə münaqişəniz var. Niyə məhz onun qızı Gülnarə Kərimova?
- 1993-cü ildə Kərimovla görüşümdə o mənə demişdi ki, sənin başına elə oyunlar açacam ki, dünyadan təcrid olunacaqsan, özünü bu bəladan qurtara bilməyəcəksən. Amma mən ayaq üstə dayana bildim, özümü onun təhlükələrindən azad etdim. Kərimov məni başqa məsələlərdə suçlaya bilərdi, cibimə narkotik atdırardı və s. Amma məni sevdiyim türkçülüyümə və turançılığıma görə suçladı. Onun bu suçlamasını ürəyimə saldım. Mən bilirdim ki, ən böyük suç, ən böyük günah Kərimov və onun qızlarıdır və onlara qarşı mübarizə apardım. Mübarizə aparıb Kərimovlar ailəsinin xalqa, millətə ziyanını, xəyanətini ortaya qoydum. Bilirdim ki, Kərimovun qızı Gülnarə Özbəkistanda antik əşyaları ölkədən çıxarıb İsveçrəyə gətiribmiş. Gülnarənin Cenevrədəki villasında çalışmı, Kərimovlara yaxın gənclərdən biri mənə işləyirdi, yardımçım idi. O mənə bildirmişdi ki, Gülnarə Kərimova türk dünyasına məxsus qiymətli antik əşyaları ölkədən qaçırıb. İsveçrə dövlətinin Gülnarə Kərimovaya qarşı ayrıca məhkəmə davası var, burada pul söhbəti var. Amma mənim ona qarşı açdığım məhkəmə davası türk dünyasına məxsus antik əşyaların oğurlamasıdır. Mən onun Cenevrədəki villasına necə girməyimi düşündüm, sonra bunun yolunu tapdım və ora girə bildim. Orada bütün antik əşyaların şəkillərini çəkdim, lentə aldım və Kərimovun özünə göndərdim. Məhkəmədə lazım gələrsə bu faktlardan istifadə edəcəm.
- Siz prezidentin qızının villasına necə girmişdiz? Məgər villa mühafizə olunmurdu?
- Məndən qabaq İsveçrə dövlətinin müəyyən dairələrinin əməkdaşları ora girmişdilər. Seyfləri açmlşdılar. Həmin seyfləri heç partlatmaq da olmazdı. Amma mütəxəssislər onun maneəsiz aça bilmişlər. İsveçrə dövlətinin Özbəkistana məxsus, türk dünyasına məxsus antik əşyalarla işi yoxdur, onlara əl vurulmamışdılar. Avropaya aid olan əşyaları, pul və brilyantları aparmışdılar, amma türk dünyasına aid olan əşyalarla maraqlanmamışdılar.
- Maraqlıdır, əgər həmin villada qiymətli əşyalar saxlanılırdısa niyə o villa qorunmurdu.
- Gülnarə Kərimova ilə bağlı məhkəmə işi açılmışdı. 3 dövlətdə. Onu həbs edəcəkdilər. Böyük məbləğdə pul alıb mənimsəmişdi. Prokurorluğa verilən ərizədə Gülnarə Kərimovanın imzası vardı. Bu qız təkcə banka para deyil, antik əşyalar qoyarkən yaxalanıb. Bu para kassaları Gülnarəyə aid olub. Buna aid sənədlər, şahid ifadələri var. Bu işin üstü açılandan sonra o buradan qaçdı. Özbəkistanın xüsusi xidmət orqanlarının əməkdaşları onu burada qoruyurdular. Gülnarə məhkəmədə deyə bilər ki, villamda olan əşya və paraları mən qoymamışam. Mən buranı tərk etdikdən sonra mühafizəçilərim girib qoya bilərlər. Amma türk dünyasından oğurlanan antik əşyaların Gülnarəyə aid olduğunu mən sübut etdim. Bilirsiniz, bu olaylardan sonra Gülnarə Kərimovanın Özbəkistanda heç bir gücü yoxdur, o, artıq tükənib. 5 dövlət ona qarşı məhkəmə davası açıb. Avropada 4 dövlət, bir də ABŞ. Bu məhkəmələrdən xilas olmayacaq. Özü də Gülnarə prezident olmaq istəyirdi. Bu heç zaman ola bilməz ki, 5 dövlətdə məhkəməsi olan bir qadın prezident seçilə. Gülnarə Kərimova Özbəkistana xarici dövlətlər tərəfindən qoyulan investisiyaları mənimsəyib. O, bu məsələlərə nəzarət edirdi. İnvestisiyanın bir hissəsi ona çatardı, yoxsa investor Özbəkistanda çalışa bilməzdi. İsveçdən “Teleseniora”, ABŞ-dan “”Coco-Cola” şirkəti və başqa dövlətlərin investorlarından para almaq istəyib. Bu investorlar da dövlətlərinə qayıdıb Kərimovun niyyətini hökumətlərinə çatdırıblar. Bu qız İsveçrənin 4 milyard 700 milyon dollar pulunu mənimsəyib. Özünün burada qalmasına baxmayaraq. Onun bu cinayəti Beynəlxalq Arbitraj Məhkəməsində sübüt edilib. Amma bu ittihamları qəbul etmir. Deyir ki, mən heç kimdən pul almamışam. Ola bilər o almasın, amma yardımçıları sənədlərə qol çəkib pulu Gülnarəyə veriblər. Gülnarənin icazəsi olmasaydı heç bir dövlətin investoru Özbəkistanda iş qura bilməzdi.
- Bəs Gülnarə xanımın əri yoxmu?
- Yox ayrılıblar. (adı Mənsur Məqsud) Deyəsən 3 il bir yerdə yaşayıblar. 1995-ci ildə ayrıldılar.
- Özbək idimi onun həyat yoldaşı?
- Hə Əfqanıstan özbəklərindən idi. Sonra Səudiyyə Ərəbistanına gedib, oradan isə ABŞ-da yaşayıb. Əfqanıstanda şahın dönəmində bir bank sahibi idi. Onun həyat yoldaşı tərbiyəli bir ailədən idi, tük qadınına önəm veriridi. Gülnarə isə gecə həyatı yaşayan olub. Ona görə də ayrılıblar. Onun və bacısının tərbiyəsiz görüntüləri var. Həmin görüntülər məndə də var. Amma mən kişilik edib həmin görüntüləri yaymaram.
- Mətbuat yazır ki, Gülnarə xanım atası ilə artıq barışıb.
- Yox barışmayıb. Özbəkistana qayıtdıqdan sona bu barışığı elan etmişdi. Lakin mən İsveçrədə onun villasından fotoları yaydıqdan sonra atası hirslənmişdi. Mənim bildiyimə görə, atası onu ev dustağı edib. Atası onu pul oğurladığına görə, mənimsədiyinə görə bağışlamışdı. Amma antik əşyaları ölkədən apardığını görə bağışlamayıb.
- Bəs İslam Kərimovun o biri qızı necədir, o, da bacısı kimi davranır?
- Hə o Gülnarədən də pisdir. Özbəkistanın YUNESKO-dakı səfiridir. Lalə Kərimova. Lalənin dövlət əmlakını talamasını mən yox, elə Gülnarə Kərimova da deyib. O, bildirib ki, bacısının var-dövləti İsveçrənin “Bilan” jurnalının yazdığından dəfərlərlə çoxdur. “Real Estalker” dərgisinin yazdığına görə, Lalə Kərimova Kaliforniyada 58, Cenevrədə isə 41 milyon dollara villa alıb. Lalənın əri Timur Tillayev Özbəkistana idxal olunan qida mallarına nəzarət edir. Onun həmçinin Daşkənd şəhərində “Abu-Sahi” adlı topdansatış bazarı da var. Özlərini özbək elan etmələrinə baxmayaraq farsca və rusca danışırlar. Ataları farsdırsa onlar da farsca danışacaqlar da.
- İslam Kərimov milliyyətcə farsdır?
- Bəli, fars əsillidir. iranlıdır.
- Bu ola bilməz, bəlkə siz səhv edirsiz?
- Yox, şəxsən bunu mənə özü söyləyib. Mənimlə sonuncu görüşündə bunu açıq etiraf edib. İslam Kərimovla görüşümdə yardımçılarımız da iştirak edirdilər. Onun mənim yardımçım ilə fars dilində danışmasının şahidi oldum. Hər ikimizin yardımçısı danışdıqlarımızı qeydə alırdılar. Özbəkistan Gənclər Hərəkatının başqanı həm də mənim yardımçım idi. O yanımdaydı. O Səmərqənddən idi. Kərimovla 45 dəqiqə görüşümüz oldu. Kərimov mənə dedi ki, bəs niyə yardımçını mənə tanıtmadın. O Kərimova dedi ki, mən də Səmərqənddə sizin məhəllədənəm. Kərimov ondan fars dilini bildiyini soruşdu. Səmərqəddə iki farsdilli məhəllə var – İrani məhəllə – burada sırf farslar yaşayırlar. Digər məhəllə isə “İranlılar məhəlləsi” adlanır ki, orada türkmən və azərbaycanlılar da yaşayırlar. “İrani məhəllədə”ki farslar yalnız bir-birləri ilə qohum olurlar. Amma ikinci məhəllədəkilər başqa xalqlara da qız verib, qız alırlar. Kərimov mənim yardımçım ilə farsca danışdı. Mənimlə isə rusca danışırdı, özbək dilində də yox. 1993-cü ildən sonra o özbək dilində danışmağı öyrəndi. Özü də televiziyalarda çıxışlarında özbək dilində pis danışır. O, yardımçımla fars dilində danışanda mən onların nə danışdıqlarını anladım. Axı mən də fars dilini bilirdim, onlar isə bu dili bildiyimdən xəbəsiz idilər. Kərimov yardımçıma dedi ki, sən farsan türkün yanında niyə işləyirsən. get onun yanından.
- Bəs sonra nə oldu, yardımçınız sizin yanınızdan ayrıldımı?
- Hə, ayrıldı. Kərimov onunla yenidən görüşdü. Sonra İslam Kərimov mənim yardımçıma yaxşı vəzifə verdi. Nazir deyil, amma Özbəkisatnın dövlətçiliyi üçün çox önəmli bir vəzifədir. Strateji vəzifədir. Nüvə silahlarının araşdırılması mərkəzinin rəhbəri təyin olunmuşdu. Bilirsiniz ki, sovetlər dönəmində MDB məkanında bir neşə respublika ərazisində atom bombaları saxlanılırdı. Özbəkistanda da yer altında atom bombaları yerləşdirilmişdi. Çin, Pakistan və Hindistandan qorunmaq üçün. Ukraynada olduğu kimi atom nüvə başlıqlarını Özbəkistan Rusiyaya verdi. Mən İslam Kərimova demişdim ki, yalnız dövlət və dövlətçiliyə xidmət edirəm, mənə heç bir vəzifə lazım deyil. Dövlətçiliyi qorumaq üçün isə bu nüvə bombalarını Moskvaya təslim etməyin, ertsəniz sizi tezliklə yenəcəklər. Amma Kərimov bu silahları Rusiayay satdı. Ukraynada belə silahlar qalsaydı Krım məsələsi yaranardımı? Azərbaycanda olsaydı Qarabağ məsələsi olardımı? Rusiay 5 il içərisində öz imperiyasını quracaq. Özbəkistanı da bütünlüklə alacaq. Zatən Tacikistanda ordusu var, Qırğızıstanda vilayətlərdə yerləşdiri, Qazaxıstan onsuz da Rusiyanın təsiri altındadır. Türkmənistan bir qədər neytral mövqedədir. Ola bilsin ki, onda da Rusiyanın bir subyekti statusu verilsin. Rusiyanın imperiya yaratmaq planı hələ Primakov (Rusiya DTK-nin sabiq rəhbəri) tərəfindən işlənilib – 1993-96-cı illərdə. Primakovun doktrinası ilə hərəkət edilir.
- O, fars olduğu üçünmü özbəkləri, türkləri sevmədiyini deyib sizə?
- Hə. elə deyib. Mənimlə görüşəndə dedi ki, Teymur farsları qırıb, ulu babalarımızın qanını töküb. Başqa yerlərdə öz adından Teymurla bağlı kitablar yazdırıb, onu tərifləyib, amma mənlə söhbətində ona qatil deyib.
- Kərimov sonuncu dəfə sizə nə vəzifə təklif etmişdi?
- Dedi ki, gəl dünya özbəklərinin qurumu var, sizin Diaspor komitəsi kimi. Ona rəhbərlik et, yaxşı büdcəsi var. Amma mən rədd etdim.
- Kərimov fars əsillidirsə, deməli, nazirliklərdə və yaxud dövlətin digər strateji obyektlərində də onlar yerləşdiriliblər.
- Baş nazir fars əsilldir. Hökumətin digər strukturlkarında da fars əsillilər təmsil olunurlar. Boş qalan yerlərdə isə taciklərdir. Taciklərin farslarla yaxınlığı var, özbəkləri sevməzlər.
- Bəs hökumət strukturunda özbəklər təmsil olunmurlar?
- Baş nazirin yardımçıları və ondan da aşağı vəzifəlilər özbəklərdir. Daşkənd klanı deyilən bir toplum var ki, Kərimov onlara vəzifə verməyə məcbur olub.
- Kərimovun həyat yoldaşı hansı millətdəndir?
- Rusdur, daha doğrusu tatarlarla qarışıqdır. Onun babası xristian tatarıdır.
- Kərimov sizin dediyiniz kimi farz əsilldirsə, deməli din, iman adamıdır.
- Kərimov Allaha inanmır, ateistdir.
- Məgər prezidentliyi dönəmində o məscidə getməyib, hansısa dini məbədin açılışında və yaxud da din i bayramlarda iştirak etməyib?
- O, islamçıları öldürür. Bu vaxta qədər onun məscidə getməsiylə bağlı bir görüntü, video yoxdur. O, sovet adamıdır. Özbək dilini dövlət dili olmasını qəbul etdirdikdən sonra farsa çevrildi. O vaxta qədər isə sovet ideologiyasına sadiq idi. Onu vəzifəyə gətirən də fars olub. İsmayıl Corebekov adlı birisi onu bu vəzifəyə gətirib. Sovetlərin dönəmində Özbəkistan Nazirlər Kabinetinin rəhbəri idi. SSRİ Siyasi Bürosunda yaxın adamları var idi. Qorbaçovla anlaşdıqdan sonra Kərimovu vəzifəyə gəlməsində yardımçılıq edib. Kərimov prezident olandan sonra onu vəzifəyə gətirənlərin hamısını aradan götürtdü, ətrafını İsmayıl Corabekovun adamlarından təmizlətdi.
- Bəs Kərimovun oğlu yoxmu?
- Birinci xanımından bir oğlu var. Xanımı dünyasını dəyişib. Oğlu isə hazırda Daşkənddədir. Amma heç araları belə yoxdur.
- İsveçrədə özünü təhlükəsiz hiss edirdizmi, yoxsa burada da Kərimov sizi rahat qoymayıb.
- İki dəfə İsveçrədə mənə sui-qəsd edildi. Mənə sui-qəsd edəni İtaliyadan həbs edib gətirdilər. İsveçrədə çalışırdı. Avtomobili ilə məni öldürməyə çalışdı. Amma mənim sağ qladığımı biləndən sonra mənə xəbər göndərdilər ki, səni mütləq öldürəcəyik. O adam mənə qəza yapandan sonra qaçdı buradan.
- Sizi öldürmək tapşırığını İslam Kərimov vermişdi?
-Hə. Məni öldürmək istənilən yerin yaxınlığında bank vardı. Orada müşahidə kamerası yerləşdirilmişdi. Mənə planlaşdırılan sui-qəsd həmin kameranın yaddaşına köçmüşdü. Mənə sui-qəsd edən adam iki dəfə avtomobilini üzərimə sürmüşdü. Bu açıq-aşkar məni öldürmək cəhdi idi. Bu kadrlardan sonra o axtarışa verildi və tutuldu. Sonra müəyyən edildi ki, həmin adam psixi xəstədir. Sağlamlığı müəyyən olunsaydı, siyasi liderə sui-qəsd etdiyi ücün ömürlük cəza alacaqdı. Amma psixi probleminin olduğu müəyyənləşəndən sonra onu müalicəyə göndərdilər, ömürlük.
- Bilmirsiz Kərimovların xarici banklarda nə qədər vəsaiti var, heç bu barədə arfaşdırma aparmısız?
- Kərimov və ətrafındakıların xarici banklarda 200 milyard dollar pulu saxlanılır. Kərimovun özünün isə İsveçrə banklarında 7 milyard pulu var. 1 milyard dollarla bağlı məhkəmə davası açılıb. 6 milyard hələ də bankdadır. Bütövlükdə qızının, arvadının da adlarında bank hesabları var. Bütövlükdə 12-15 milyard dollar təşkil edir. Bunu təkcə mən yox, bu işi araşdıran ekspertlər deyirlər, onların gəldiyi qənaətdir. Özbəkistanın digər nazirlərinin də Avropanın başqa ölkələrinin banklarında pulları var. Onlar bu pulları geri ala bilməyəcəklər. Çünki məhkəmə davası gedir. Kərimovun özü də ala bilməyəcək. Mənim qənaətimcə əgər Kərimov Putinə dəstək olacaqsa onların Avropa banklarında saxlanılan paraları geri qaytarılmayacaq. Bu siyasi bir oyundur. İsveçrə hakimiyyəti heç vaxt açıq-aşkar Kərimova deməz ki, sən Putini dəstəkləsən pulları sizə qaytarmayacağıq. Amma bu hadisələrin baş verməsi ona mesajdlr. Özbəkistan Gömrük Birliyinə girmək sənədini imzalayıb. Kərimov Avropadan ağır zərbə alacaq.
Qısa URL: http://avrasiya.net/?p=57653